İLİN YEKUNLARINA DAİR ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Nazir Əli Abbasov ötən il rabitə sahəsində görülən işlərin nəricələri barədə məlumat vermiş, əldə olunan nailiyyətləri diqqətə çatdırmışdır. O bildirmişdir ki, ölkənin rabitə sisteminin dünya standartları səviyyəsinə qaldırılması üçün müasir texnologiyalar tətbiq edilmiş, ümumilikdə, rabitə sektoruna 130,9 milyon manat (AZN) sərmayə qoyulmuşdur. Hesabat ilində ölkənin ayrı-ayrı rayonlarında poçt şöbəsi binaları tikilib istifadəyə verilmiş, respublika telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 63,5 faizə çatdırılmışdır. İl ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi 249,69 milyon dəqiqə, çıxış trafikinin həcmi isə 67,55 milyon dəqiqə təşkil etmişdir.
Ölkə ərazisində informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi məqsədi ilə elektron avadanlığı istehsal edən “Kür” müəssisəsinin tikintisi başa çatdırılmış və məhsul istehsalına başlanmışdır.
İnternetdən dayanıqlı istifadə və tətbiq sahəsinin genişləndirilməsi məqsədi ilə regionlarda “Azrelekom.Net” provayderi yaradılmış, “AzDATAKOM” layihəsi üzrə hazırlıq işləri aparılmışdır. Respublika ərazisində televiziya və radio yayımının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, poçt sahəsinin inkişafı təmin edilmişdir.
Ötən il yeni iş yerləri açılmış, rabitəçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə əmək haqlarının artırılması istiqamətində mütəmadi işlər aparılmışdır. Nazirliyin tabeliyində olan birlik və müəssisələrin davamlı inkişafına xüsusi diqqət yetirilmiş, bu sahədə 155,6 milyon manat (AZN) gəlir əldə olunmuşdur.
Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev 2005-ci ilin yekunları və 2006-cı ildə qarşıda duran vəzifələr haqqında məruzə etmişdir.
Yığıncaqda nazirliyin tabeliyindəki birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilmiş, müvafiq təkliflər verilmişdir.
Müşavirə video və audio konfrans vasitəsilə həyata keçirilmiş, internet vasitəsilə yayımlanmışdır.