İmişli şəhərinin giriş hissəsində 750-dən çox müxtəlif növ ağac əkilib
İmişli, 24 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə ekoloji mühitin yaxşılaşdırılması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə ağacəkmə aksiyası təşkil olunub.
İmişli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ağacəkmə aksiyasında rayon rəhbərliyi və digər rəsmi şəxslər də iştirak ediblər. Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində İmişli şəhəri Nəcməddin Savalanov adına küçənin hər iki istiqamətində yol kənarlarında ümumilikdə 750-dən çox müxtəlif növ ağac və dekorativ tinglər əkilib. Ağacların seçimi və əkini zamanı ərazinin landşaft xüsusiyyətləri, torpaq örtüyü, eləcə də iqlim şəraiti nəzərə alınıb, əkin prosesi zamanı aqrotexniki qaydalara riayət edilib.