REGİONLAR
İmişlidə brakonyerliyə qarşı reyd zamanı qanunsuz ov qurğuları məhv edilib FOTO VİDEO
İmişli, 3 mart, Aydın Yavərzadə, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları Araz çayının rayon ərazisindən keçən hissəsində ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə etməklə aparılan qanunsuz balıq ovuna qarşı reyd keçirilib. Reyddə Azərbaycan Balıqçılar İttifaqının nümayəndələri də iştirak ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, reyd zamanı çay boyunca quraşdırılan qanunsuz sintetik torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Həmçinin brakonyerlərin istifadə etdiyi rezin təkərlər də aşkarlanaraq sudan götürülüb.
İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib. Reyd zamanı torlarda aşkarlanan kürüləmə ərəfəsində olan diri balıqlar isə yenidən suya buraxılıb.
Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.