İmişlidə qanunsuz ov edən şəxs saxlanılıb VİDEO
İmişli, 23 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. Araşdırmalarla onun Cavadxanlı kənd sakini Zəngibar Soltanov olduğu müəyyən edilib.
Həmin şəxsdən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, qanunsuz olaraq ovladığı 11 ədəd dovşan və bir ədəd porsuq aşkarlanaraq götürülüb.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.