İmişlidə xidmətdə fərqlənən bir qrup polis əməkdaşı təltif olunub
İmişli, 2 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Polis Gününə həsr edilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər peşə bayramları münasibətilə polis işçilərini təbrik ediblər. Bildirilib ki, Azərbaycan polisi hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edərək, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir. Diqqətə çatdırılıb ki, daxili işlər orqanlarının formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. Prezident İlham Əliyev də bu gün polis işçilərinə diqqət və qayğı ilə yanaşır. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı, onların daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.
Çıxışlarda Azərbaycan polisinin keçdiyi uzun və şərəfli yoldan danışılıb.
Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı fəxri fərmanla təltif olunub.