İnformasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsasları araşdırılır
Bakı, 17 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsasları araşdırılır.
Bu barədə AZƏRTAC-a müəssisənin Tədris-İnnovasiya Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova məlumat verib. O, bu istiqamətdə Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri çərçivəsində yerinə yetirilən “Jest informatikası: istiqamətləri, hədəfləri, texnologiyaları” mövzusunda dissertasiya işi ilə bağlı görülən işləri diqqətə çatdırıb. Həmçinin “Elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi”, eləcə də “İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi” mövzularında araşdırmaların aparıldığını bildirib.
Mərkəzin rəhbəri “İntellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi” mövzusunda yerinə yetirilən dissertasiya işinin tamamlandığını bildirib. Eyni zamanda, ölkəmizdə “Elmi kadrlar” informasiya sisteminin yaradılması və “Azərbaycanda Big Data yönümlü müxtəlif xarakterli və təyinatlı informasiya resurslarının təhlili, onların kommersiyalaşdırılması potensialının tədqiqi və qiymətləndirilməsi” mövzuları üzrə tədqiqatların aparıldığını diqqətə çatdırıb.