İQTİSADİYYAT
İnformasiya təhlükəsizliyi sahəsində yeni tendensiyalar müzakirə edilmişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Bakıda “Softline” və “HP Enterprise Security” şirkətlərinin informasiya təhlükəsizliyi üzrə seminarı keçirilmişdir.
Tədbirdə yerli informasiya texnologiyaları üzrə mütəxəssislərə “HP” şirkətinin informasiya təhlükəsizliyi bölməsinin həlləri və fəaliyyəti haqda ətraflı məlumat təqdim edilmişdir.
Şirkətin informasiya təhlükəsizliyi üzrə məsləhətçisi Denis Batrankov “HP TippingPoint hücumlarının qarşısı alınması sistemləri” mövzusunda təqdimatla çıxış etmişdir.
D.Batrakov bildirmişdir ki, informasiya təhlükəsizliyi sahəsinə ciddi diqqət ayrılır. Bəzi şirkətlər eksploytları (boşluqlar haqda məlumatları) satmağa başlayıblar və alıcı tərəf bu boşluqlardan istifadə edərək onu maraqlandıran qurumun informasiya bazasına müdaxilə edir və əldə etdiyi kommersiya və s. xarakterli məlumatları öz mənafeyi üçün istifadə edir.
Ekspertin rəyinə əsasən, belə halların qarşısının alınması üçün, dövlət səviyyəsində informasiya təhlükəsizliyinin təmin edilməsini tələb edən qanun qəbul edilməlidir.
Tədbirdə, eyni zamanda, fırıldaq ödənişlərin aşkar edilməsi, proqram təminatı ilə bağlı risklərin proaktiv ləğv edilməsi və bir sıra digər məsələlərlə bağlı təqdimatlar təqdim edilmişdir.