İnformasiya texnologiyaları üzrə təlimdə tələbələr zəruri bilik və bacarıqlara yiyələniblər
Bakı, 29 iyun, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə qısamüddətli təlimlər çərçivəsində həyata keçirilən informasiya texnologiyaları üzrə texniki dəstək təlimi başa çatıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iki ay davam edən təlimdə tələbələr kompüterdə proqram təminatı, əməliyyat sistemləri, şəbəkə ilə bağlı yaranan nasazlıqları təyin etmək və onları aradan qaldırmaq üçün zəruri bilik və bacarıqlara yiyələniblər.
Qeyd edək ki, mart ayından etibarən peşə təhsili müəssisələrinin nəzdində müvafiq ixtisaslar üzrə əyani və distant formatda qısamüddətli təlimlər həyata keçirilir. Bu vaxtadək təlimlərə 3000-dən çox şəxs müraciət edib. Onlardan 360 nəfər seçilərək təlimlərə cəlb edilib. Təlimlərin keçirilməsində əsas məqsəd qısa müddət ərzində əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığını təmin etməkdir.
Layihə çərçivəsində təlimlərin təşkili zamanı qısa müddətdə əldə ediləcək bilik və bacarıqlar sayəsində alternativ iş imkanları yaradan sahələrə üstünlük verilir. Təlimlər əsasən İKT sahəsini əhatə edir.