Infotur iştirakçıları Oğuz və Şəki rayonlarında olmuşlar
Şəki, 15 dekabr (AZƏRTAC). Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə respublikanın şimal-qərb bölgəsinə təşkil olunan ikigünlük infotur başa çatmışdır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən infoturda 34 turizm şirkətinin və 16 kütləvi informasiya vasitəsinin nümayəndələri iştirak etmişlər. İnfotur bölgə rayonlarında yerləşən qədim alban abidələri ilə tanışlıq məqsədi daşımışdır.
AZƏRTAC xəbər verir ki, səfər proqramına uyğun olaraq, Qəbələ rayonunda yerləşən tarixi abidələrlə tanışlıqdan sonra infotur iştirakçıları dekabrın 15-də Oğuz-Şəki istiqamətində yola düşmüşlər. Onlar əvvəlcə Oğuz şəhərində rayon tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi qədim alban məbədi ilə tanış olmuşlar.
Daha sonra infotur iştirakçıları Şəkinin Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət etmişlər. Qonaqların diqqətinə çatdırılmışdır ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulmuşdur. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir və memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Məlumat verilmişdir ki, hər il bu qədim alban məbədini çoxlu sayda yerli və xarici turist ziyarət edir.
İnfotur iştirakçılarının şimal-qərb bölgəsinə səfəri maraqlı və yaddaqalan olmuşdur.