İnsan fəaliyyəti biomüxtəlifliyin itirilməsinə səbəb olur: milyona yaxın növ yoxolma həddindədir
Bakı, 23 may, AZƏRTAC
Yaşayış yerlərinin məhv olması, ətraf mühitin dəhşətli dərəcədə çirkləndirilməsi və kəskinləşən iqlim böhranı səbəbindən canlı təbiətin milyona yaxın növü yoxolma həddindədir. “Biz təbiətə qarşı bu müharibəyə son qoymalıyıq”, - deyə BMT-nin Baş katibi mayın 22-də qeyd olunan Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə müraciətində bildirib.
“Nəfəs aldığımız havadan və qəbul etdiyimiz qidadan başlayaraq enerji və müalicə üçün istifadə etdiyimiz dərmanlara qədər, bütün həyatımız tamamilə ekosistemlərin sağlamlığından asılıdır”, - deyə BMT rəhbəri Antonio Quterreşin müraciətində qeyd olunur. O xəbərdarlıq edir ki, bununla belə, fəaliyyətimiz bütövlükdə planetdə fəlakət xarakterli nəticələrə səbəb olur.
Bioloji müxtəliflik və ya biomüxtəliflik - Yer üzündə həyatın bütün təzahürlərində müxtəlifliyin təsvir edilməsi üçün istifadə olunan termindir. Bu gün mövcud olan biomüxtəliflik təbii proseslərin və antropogen amillərinin artan təsiri altında milyard illər ərzində davam edən təkamülün nəticəsidir.
Biomüxtəlifliyə çox vaxt bitkilər, heyvanlar və mikroorqanizmlərin növ müxtəlifliyinin zənginliyi nöqteyi-nəzərindən baxılır. Hazırda 1,75 milyona yaxın növ təsvir olunub ki, onların əksəriyyətini həşəratlar kimi kiçik canlılar təşkil edir. Alimlərin fikrincə, növlərin real sayı təxminən 13 milyon təşkil edir. Lakin bu göstərici, müxtəlif qiymətləndirmələrə görə, 3-100 milyon intervalında dəyişir.
Bioloji müxtəlifliyin indiki və gələcək nəsillər üçün çox böyük əhəmiyyət kəsb edən ümumi dəyərin olduğuna dair etirafların daha tez-tez səslənməsinə baxmayaraq, vəhşi flora və fauna növlərinin sayı insan fəaliyyəti nəticəsində sürətli templərlə azalmaqda davam edir.
Cari il biomüxtəlifliyin qorunub saxlanması nöqteyi-nəzərindən xüsusidir: 2022-ci ilin dekabrında imzalanan biomüxtəliflik üzrə Kunmin-Monreal qlobal çərçivə proqramı 2050-ci ilə qədər təbiətin itirilməsini dayandırmaq və mənfi prosesləri geri çevirmək üçün məqsədləri və konkret tədbirləri müəyyən edən tarixi sazişdir. Çərçivə proqramının məqsədləri arasında ekosistemlərin 30 faizinin bərpa olunması, ərzaq tullantılarının iki dəfə azaldılması və biomüxtəlifliyin qorunub saxlanması üzrə strategiyada illik ən azı 200 milyard dollarlıq investisiya qoyuluşu yer alıb.
Baş katib səmərəli istehsalat və istehlak modellərinə keçidi təmin etməyə, təbiətə ziyan vuran fəaliyyətə subsidiya verilməsini dayandırmağa, vəsaitləri yaşıl həll yollarının axtarışına yönəltməyə, eləcə də yerli xalqların - “dünyamızın biomüxtəlifliyinin müdafiəsinin ən ayıq-sayıq gözətçilərinin hüquqlarını tanımağa çağırıb.
Antonio Quterreş iqlim böhranını aradan qaldırmaq və biomüxtəlifliyin itirilməsini dayandırmaq üçün hökumətlərə və biznes dairələrinə qətiyyətlə hərəkət etməyi təklif edir. “Gəlin hamı üçün davamlı gələcəyi təmin etmək məqsədilə hökumətlərin, vətəndaş cəmiyyətinin və özəl sektorunun səylərini birləşdirərək birgə işləyək”, - deyə Baş katib müraciətini yekunlaşdırıb.