İnsan hüquqları üzrə müvəkkil Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bəyanat vermişdir
Bakı, 19 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bəyanat vermişdir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə bənzəri olmayan hadisələrdəndir. Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1.275 nəfər əsir və girov götürülmüşdür. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyildir.
Bəyanatda qeyd olunur ki, soyqırımı törədənlər Xocalı sakinlərini diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur. Beynəlxalq səviyyədə heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə əsl vəhşilik, birmənalı olaraq soyqırımı faktıdır.
Ombudsman daha sonra bəyan etmişdir ki, dünya ictimaiyyəti ölkəmizin ərazi bütövlüyünün bərpasını dəstəkləyir və qəbul edir ki, Azərbaycan torpaqları işğal olunmuşdur. Dağlıq Qarabağ güc yolu ilə onun nəzarətindən çıxarılmışdır. Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməməsi hiddət və təəssüf hissi doğurur.
Beynəlxalq təşkilatlar ikili standartlara yol vermədən məlum münaqişənin həllinə yönəlmiş səylərini beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun olaraq daha da artırmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən bu hadisə soyqırımı aktı kimi tanınmalı, Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir. Bu işğalçı dövlət ərazi iddialarından əl çəkərək münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad olunmalı, pozulmuş hüquqları bərpa edilməklə qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar.
Bəyanat Birləşmiş Millətlər Təşkilatının baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, bu qurumun İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmışdır.