İNSTİTUT BEYNƏLXALQ LAYİHƏDƏ İŞTİRAK EDİR
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, atlasın ikinci hissəsi hazırlanır. Həmin hissə Avrasiyanın transsərhəd çöküntü hövzələrinin geologiyası, geodinamikası, minerageniyası və geoekoloji mühitinin müasir vəziyyətinə aiddir.
Bu günlərdə Almatıda layihənin ikinci mərhələsinin gedişi ilə əlaqədar müşavirə keçirilmişdir. Layihənin Qafqaz üzrə nümayəndəsi, AMEA-nın Geologiya İnstitutunun baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Rüstəm Babayevin də iştirak etdiyi müşavirədə ayrı-ayrı ölkələrdə bu istiqamətdə aparılan tədqiqatlar barədə hesabatlar dinlənilmişdir.
Xatırladaq ki, 9 ölkənin - Azərbaycan, Rusiya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Çinin qoşulduğu bu layihə 1996-cı ildə Qazaxıstan Təbii Sərvətlər Elmi Tədqiqat İnstitutu tərəfindən hazırlanmışdır. Azərbaycandan icraçı təşkilatlar sırasına Geologiya İnstitutundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, Dövlət Neft Akademiyası da daxildir.
Layihənin ikinci mərhələsinin icrasına 2002-ci ildə başlanmışdır. Adıçəkilən atlasın ikinci hissəsi 2008-ci ilə qədər çapdan çıxacaqdır. Onun tərtibi ilə bağlı növbəti toplantı gələn ilin yazında Çinin Urumçi şəhərində keçiriləcəkdir.
Atlasın 2008-ci ildə Osloda keçiriləcək 33-cü Beynəlxalq Geoloji Konqresdə nümayiş etdiriləcəyi planlaşdırılır.