İNVESTİSİYA MÜSABİQƏLƏRİNİN UĞURLU NƏTİCƏLƏRİ
Müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsinin ölkə iqtisadiyyatının qeyri-neft sektoruna sərmayə axınının gücləndirilməsi və özəlləşdirmə prosesinə strateji investorların cəlb edilməsi üsullarından biri kimi əhəmiyyəti böyükdür.
İndiyədək 27 orta və iri müəssisənin satışı üzrə investisiya müsabiqəsi keçirilmişdir. Bu müəssisələr üzrə 360 milyon ABŞ dollarına yaxın məbləğdə investisiya qoyuluşu nəzərdə tutulmuşdur. Artıq investisiya müsabiqələrinin qalibləri tərəfindən bu müəssisələrə 130 milyon ABŞ dollarına yaxın vəsait yatırılmışdır.
Keçirilmiş investisiya müsabiqələrinin şərtlərinə uyğun olaraq, dövlət büdcəsinə 38,1 milyard manat vəsait ödənilməsi nəzərdə tutulmuşdur ki, artıq bunun 31 milyard manatının büdcəyə ödənilməsi təmin edilmişdir.
İnvestisiya müsabiqələrinin qalibləri ilə imzalanmış alqı-satqı müqavilələrinə əsasən, 1,3 milyon ədəddən çox dövlət özəlləşdirmə çekinin və 739 min ədəd dövlət özəlləşdirmə opsionunun təqdim olunması nəzərdə tutulmuşdur. İnvestorlar tərəfindən artıq 1,1 milyona yaxın dövlət özəlləşdirmə çeki və 499 min ədəd dövlət özəlləşdirmə opsionu təqdim olunmuşdur.
Nazirliyin dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən investisiya müsabiqələrinin qalibləri ilə imzalanmış alqı-satqı müqavilələrində nəzərdə tutulan şərt və öhdəliklərin yerinə yetirilməsinə xüsusi diqqət verilir. Müqavilələr üzrə götürülmüş öhdəliklərə əməl olunması məqsədi ilə müsabiqə qalibləri ilə mütəmadi görüşlər keçirilir, investisiya proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi barədə müstəqil auditorlar tərəfindən təsdiq edilmiş hesabatlar təhlil edilir, öhdəliklərə əməl olunması vəziyyəti mütəmadi olaraq araşdırılır.
İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidməti