“İqlim dəyişmələri məsələləri üzrə kommunikasiya əsas istiqamətlərdən birinə çevrilir” - ekspert
Bakı, 8 iyul, AZƏRTAC
Müasir cəmiyyət getdikcə daha çox təbiətlə əlaqəyə, üzvi dünyaya və kənd həyat tərzinə ehtiyac duyur. Böyük şəhərlərdə həyat çox sürətli olub, texnologiyalar o qədər sürətlə inkişaf edir ki, bəzən ətrafımızdakı dünyanı görmürük və hara getdiyimizi düşünməyi unuduruq. İlk insanlar torpaq və təbiətlə sıx bağlı idilər. Gələcək nəsillərə məhz bunu öyrətməliyik. Tarixçi və filosof Yuval Noy Hararinin sözlərini xatırlayıram. O, Bakıya səfəri zamanı deyib: “Gələcəkdə hansı bacarıqlara tələbat olacağını haradan bilərik? Bəlkə də ən sadə bacarıqlar - məsələn, torpağı becərmək və məhsul yetişdirmək daha vacib olacaq”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında media və kommunikasiya üzrə ekspert Günel Əhmədova bildirib.
“Artıq bir neçə ildir ki, iqlim dəyişmələri məsələləri ilə məşğulam, böyük beynəlxalq proqramlarda iştirak etmişəm və mütəxəssislərə bu sahədə kommunikasiyalar, eləcə də media ilə iş üzrə təlim keçirəm. İqlim dəyişikliyi növbəti 5-10 il ərzində iqtisadiyyatın demək olar ki, hər bir sektoruna və həyatın hər bir aspektinə getdikcə daha çox təsir göstərəcək. Xüsusilə kənd təsərrüfatını ciddi çağırışlar gözləyir. Məhz buna görə də iqlim dəyişikliyi ilə bağlı kommunikasiya, mənim fikrimcə, strateji kommunikasiyaların ən vacib istiqamətlərdən biridir. O, elmi, ictimai məlumatlandırmanı, ictimaiyyətlə əlaqələri və cəmiyyətlə qarşılıqlı əlaqə qurmaq üçün digər alətləri birləşdirir”, - deyə ekspert əlavə edib.
Bu yaxınlarda Böyük Britaniyanın Şeffild Universitetinin “Strateji kommunikasiyalar” ixtisası üzrə doktoranturaya qəbul olunduğunu qeyd edən G.Əhmədova bu gün iqlim dəyişikliyi sahəsində kommunikasiyaların inkişafının xüsusi əhəmiyyət kəsb etdiyinə əminliyini ifadə edib.
“Azərbaycan Cənubi Qafqazın aparıcı ölkələrindən biridir və zəngin təbii sərvətlərə malikdir. İqlim dəyişikliyi haqqında nə qədər çox danışsaq, mövzu ilə bağlı verilişlər, podkastlar və digər məlumat layihələri yaratsaq, cəmiyyət və ölkəmizin gələcəyi üçün bir o qədər yaxşı olar”, - deyə o vurğulayıb.
Müxbir – Pərvanə Qafarova