İQTİSADİYYAT
İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ƏTRAF MÜHİTƏ DAİR TEHRAN BƏYANNAMƏSİ QƏBUL OLUNMUŞDUR
Dekabrin 15-də Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin ekologiya nazirlərinin Tehranda keçirilən toplantısında iştirak etmişdir.
Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, toplantıda ətraf mühitlə bağlı problemlər, onların aradan qaldırılması sahəsində İƏT-ə üzv olan ölkələrin əməkdaşlığı və s. məsələlər müzakirə edilmiş, bu beynəlxalq qurumun Tehran Bəyannaməsi qəbul olunmuşdur. Bəyannamədə 2003-2007-ci illər üçün fəaliyyət proqramı nəzərdə tutulmuşdur.
BMT-nin İnkişaf Proqramının, Ətraf mühit Proqramının və digər beynəlxalq təşkilatların Tehrandakı nümayəndəlikləri əməkdaşlarının iştirak etdiyi toplantının açılışında İİR-in prezidenti Məhəmməd Xatəmi çıxış etmişdir.
Səfər zamanı nazir Hüseyn Bağırov ikitərəfli görüşlər də keçirmişdir. Türkiyənin, İranın və İƏT-ə daxil olan MDB ölkələrinin ətraf mühit nazirləri ilə keçirilən görüşlərdə ekologiya sahəsində əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunmuşdur. İİR-in vitse-prezidenti, Ətraf Mühit Departamentinin rəhbəri xanım Məsumə Ebtekarla keçirilən görüşdə Azərbaycan Respublikası ilə İİR arasında ekologiya sahəsində əməkdaşlığın genişləndirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və s. məsələlər müzakirə olunmuşdur.
Nazir Hüseyn Bağırov Azərbaycanın İrandakı səfirliyində diplomatlarla görüşərək, başçılıq etdiyi nazirliyin fəaliyyəti və beynəlxalq əlaqələri ilə bağlı söhbət etmişdir.
Görüşlərin hamısında Azərbaycanın İİR-dəki səfiri Abbasəli Həsənov iştirak etmişdir.