İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ AZƏRBAYCAN-İTALİYAHÖKUMƏTLƏRARASI KOMİSSİYASININ İLK İCLASI KEÇİRİLMİŞDİR
İclasdan əvvəl italiyalı qonaqlar - xarici işlər nazirinin müavini Famiano Kruçianellinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda olmuş, müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoymuşlar.
Onlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də çiçəklər düzmüşlər.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarımızın xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Hökumətlərarası komissiyanın ilk iclasını Azərbaycan tərəfdən həmsədr, iqtisadi inkişaf naziri Heydər Babayev açmışdır. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və indi Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilən iqtisadi islahatlar və onların uğurlu nəticələri, əldə olunmuş nailiyyətlər barədə məlumat vermiş, Azərbaycanın 130-dan çox ölkə ilə ticarət əməliyyatları həyata keçirdiyini bildirmişdir. Nazir demişdir ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsi 2005-ci ildə 1,4 milyard dollar, 2006-cı ilin 9 ayında isə 1,8 milyard dollardan çox olmuşdur.
Famiano Kruçianelli ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrə böyük əhəmiyyət verdiyini, hökumətlərarası komissiyanın yaradılmasının əlaqələrin genişləndirilməsində mühüm rol oynayacağına əminliyini vurğulamışdır.
İclasda ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılmışdır.
Sonra komissiyanın həmsədrləri Heydər Babayev və Famiano Kruçianelli iclasın yekunları barədə Protokol imzalamışlar.
Komissiyanın iclası çərçivəsində Azərbaycanın Kənd Təsərrüfatı və İtaliyanın Kənd Təsərrüfatı Nazirliyi ilə İtaliyanın Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq barədə saziş də imzalanmışdır. Sazişi Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov, İtaliya xarici işlər nazirinin müavini Famiano Kruçianelli imzalamışlar.
İtaliyanın nümayəndə heyətinin tərkibində ölkəmizə gəlmiş iş adamları azərbaycanlı həmkarları ilə görüşmüş və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivlərini müzakirə etmişlər.