İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ BÖYÜK BRİTANİYALI DEPUTATLARLA GÖRÜŞ OLMUŞDUR
Qonaqları salamlayan iqtisadi inkişaf naziri Heydər Babayev xalqımızın ümummilli lideri Heydər Əliyevin beynəlxalq əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini və bu kursun hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Nazir 2004-cü ildə Prezident İlham Əliyevin Böyük Britaniyaya səfərinin və London şəhərində keçirilmiş İnvestisiya konfransında iş adamları qarşısında çıxışının ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə təkan verdiyini diqqətə çatdırmışdır. Belə ki, 2005-cı ildə Böyük Britaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin məbləği 388,1 milyon ABŞ dolları təşkil etmişdir. Cari ilin 8 ayı ərzində həmin rəqəm 314,3 milyon dollar olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz çoxdur.
Nazir Heydər Babayev hazırda Böyük Britaniya şirkətlərinin ölkəmizdə neft, maşınqayırma, tikinti, yüngül sənaye məhsulları istehsalı, turizm, bank, kommunukasiya, informasiya texnologiyaları və digər sahələrdə uğurla fəaliyyət göstərdiyini qeyd etmiş, bu günlərdə müstəqilliyinin 15 illiyini qeyd edəcək gənc Azərbaycanın Böyük Britaniyanın iqtisadi sahədə qabaqcıl təcrübəsindən yararlana biləcəyini vurğulamışdır.
Nazir ölkəmizdə həyata keçirilən iqtisadi proqramlar, yeni iş yerlərinin açılması, məşğulluq səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, hazırda Azərbaycanda əlverişli investisiya mühiti yaradılmış və azad rəqabətin inkişafına diqqət artırılmışdır. “Rəqabət Məcəlləsi”nin və “İnvestisiya fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi isə bu sahədə problemlərin tamamilə aradan qaldırılmasına imkan verəcəkdir. Sahibkarlığa dövlət dəstəyi ildən-ilə gücləndirilir. Bunun nəticəsidir ki, özəl bölməyə son 3 ildə 140 milyon manat güzəştli kredit ayrılmışdır. 2006-cı ildə bu vəsaitin məbləği əvvəlki illə müqayisədə 2 dəfə artırılaraq 80 milyon manata çatdırılmışdır.
Görüşdə qeyd olunmuşdur ki, indi Azərbaycan iri enerji layihələrinin həyata keçirildiyi regiona çevrilmişdir. Bugünkü görüş də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təzahürüdür.
Neft gəlirlərindən istifadə etməklə qeyri-neft sektorunun inkişaf etdirilməsinin iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu qeyd edən Heydər Babayev hələ 2004-cü ildə bununla bağlı dövlətimizin başçısı tərəfindən strategiyanın qəbul edildiyini qonaqların diqqətinə çatdırmışdır.
Əsasən tanışlıq xarakteri daşıyan görüşdə nazir Böyük Britaniyalı deputatları maraqlandıran çoxsaylı sualları cavablandırdı.
Səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq edən nümayəndə heyətinin başçısı Brayan Cenkins Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, sürətli iqtisadi inkişafın Böyük Britaniyada maraqla izləndiyini və Azərbaycan iqtisadiyyatına diqqətin böyük olduğunu bildirmişdir. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün hər cür dəstək göstəriləcəyini qeyd etmişdir.
Görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Lorens Bristoun iştirak edirdi.