İranda “İqtisadi müharibə qərargahı” yaradılıb
Qahirə, 7 sentyabr, AZƏRTAC
İran İqtisadiyyat Nazirliyi müharibə, ABŞ sanksiyaları və dəniz blokadasının ölkə iqtisadiyyatına təsirlərinin aradan qaldırılması prosesini sürətləndirmək məqsədilə “İqtisadi müharibə qərargahı” yaradıb.
AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, İran iqtisadiyyat nazirinin müavini Mürtəza Zamanian yeni qərargahın müharibə şəraitinin yaratdığı iqtisadi problemlərin əlaqələndirilmiş şəkildə həllinə və proseslərin sürətləndirilməsinə xidmət edəcəyini bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə nazirliyin səlahiyyətlərinə aid məsələlərə baxılacaq, bir neçə dövlət qurumunun iştirakını tələb edən problemlərin həlli isə aidiyyəti strukturlarla koordinasiya ediləcək.
Qərargahın yaradılması İranın neft ixracı, xarici valyutaya çıxışı, ticarət və maliyyə kanallarına qarşı təzyiqlərin artdığı bir vaxta təsadüf edib. ABŞ administrasiyası sanksiyalarla yanaşı, İranın neft ixracına yönəlmiş dəniz blokadasını da gücləndirdiyini bildirib.
ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana qarşı “misli görünməmiş” sanksiyalar tətbiq etdiyini və bundan məqsədin Tehranı iqtisadi cəhətdən təcrid etmək olduğunu açıqlayıb.
İran tərəfi isə ABŞ-nin iqtisadi təzyiqlərinin ölkənin siyasətini dəyişdirməyəcəyini vurğulayıb. İqtisadiyyat naziri Əli Mədəni Zadeh Rusiyada keçirdiyi görüşlər zamanı bildirib ki, Tehranın cavabı “iqtisadi müqavimət və iqtisadi islahatlar” olacaq. Onun sözlərinə görə, iqtisadi çətinliklərin yaranması İranın təslim olması anlamına gəlmir.
Eyni zamanda, İran parlamentinin və İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri də ABŞ və Avropanın sanksiya və təhdidlər vasitəsilə Tehranın mövqeyini zəiflədərək danışıqlara məcbur edə bilməyəcəyini açıqlayıblar.