İranın öz məqsədlərini reallaşdırması üçün dini terror siyasətinin alətinə çevirməsi İslama xəyanətdir
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə Ermənistanın acı məğlubiyyəti ilə yanaşı, onun havadarlarını da ciddi şəkildə kədərə qərq edib. Təəssüflər olsun ki, bu cür kədərə qərq olanlar arasında öndə gələn ölkələrdən biri də cənub qonşumuz İrandır. Hər zaman İslam dinini əldə bayraq edən bu ölkə, Ermənistan-Azərbaycan münaqişəsində Ermənistanın cinayətkar əməlləri qarşısında lal, kar və kor oldu.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.
Deputat bildirib ki, işğal illərində Ermənistana hər cür yardım edən İran 44 günlük Vətən müharibəsində, həmçinin müharibədən sonra bu istiqamətdə bağışlanmaz addımlar atmağa davam edir: “Lakin bu da son deyil. İran illərdir ki, Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti aparır. Elə Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror da bu siyasətin növbəti çirkin təzahürüdür. Bəlli olduğu kimi, Fazil Mustafaya qarşı terror İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə reallaşdırılıb. Baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, ələlxüsus da SEPAH-ın dayandığını aydın şəkildə göstərir”.
Azərbaycanın İrandakı səfirliyinə olan silahlı basqını bütün dünyanın terror aktı kimi qiymətləndirdiyini vurğulayan deputat deyib: “Hazırkı dövrə kimi Azərbaycana qarşı Ermənistan terror siyasəti həyata keçirib, vətəndaşlarımız bu qatı cinayətlərin qurbanına çevriliblər. İndi İran da Azərbaycana qarşı eyni metodlardan yararlanır və bu hal Azərbaycan ictimaiyyətində İranı Ermənistanla eyniləşdirir. Məhz bu səbəbdən İrana işləmək, onun xüsusi xidmət orqanları, dini-ideoloji mərkəzləri ilə əməkdaşlıq etmək Ermənistanla əməkdaşlıq etmək deməkdir. Buna görə də İranın Azərbaycanda qurduğu şəbəkənin bütün üzvləri ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər. Azərbaycan xalqı xəyanəti bağışlamır və heç vaxt bağışlamayacaq”.
Vüqar İskəndərov əlavə edib ki, İranın öz məqsədlərini reallaşdırması üçün dindən istifadə etməsi, dini terror siyasətinin alətinə çevirməsi İslama xəyanətdir.