İraq mətbuatında Xocalı faciəsi haqqında məqalə dərc olunub
Bağdad, 22 fevral, AZƏRTAC
İraqın populyar internet resurslarından olan “Ashurnews.com” saytında Xocalı soyqırımına həsr edilən “Qanlı tarix-Azərbaycanın Xocalı şəhərində soyqırımı” sərlövhəli məqalə yer alıb.
AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xocalı faciəsi əsrlər boyu erməni millətçiləri tərəfindən türk və Azərbaycan xalqlarına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir” sözləri ilə başlayır. Məqalədə Xocalı soyqırımı Xatın, Holokost soyqırımları ilə müqayisə edilib.
Nəzərə çatdırılıb ki, Xocalı faciəsi bəşər tarixində insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımı aktlarından biridir və bütün dövrlərin ən qanlı səhifəsi kimi əbədi olaraq yaddaşlarda qalacaqdır. Dinc azərbaycanlıların həlak olması ilə yanaşı, günahsız insanlara verilən işgəncələr ağlasığmazdır.
Ermənistan silahlı birləşmələrinin keçmiş sovet ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı şəhərində törətdikləri soyqırımı nəticəsində 613 Azərbaycan vətəndaşı qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70 qoca vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər isə ağır yaralanıb. Soyqırımı zamanı 1275 nəfər ermənilər tərəfindən əsir götürülüb, 150 nəfər itkin düşüb.
Bir şəhər, bir kiçik qəsəbə, 8 kənd, 2495 ev, 31 sənaye müəssisəsi, 15 kənd təsərrüfatı müəssisəsi, 20 təhsil müəssisəsi, 14 tibb müəssisəsi, 56 mədəniyyət müəssisəsi, 5 rabitə obyekti dağıdılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad