İraq qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
Tehran, 22 may, AZƏRTAC
İraqın “Azzaman” qəzetində professor Motaz Əbdülhəmidin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında geniş məqaləsi dərc olunub. Materialda Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə oxuculara ətraflı məlumat verilib.
AZƏRTAC xəbər verir ki, müəllif görkəmli dövlət xadiminin Azərbaycanın ağır günlərində siyasi meydanda həmişə öz sözünü deyərək, xalqı və dövləti məhv olmaqdan xilas etdiyini bildirib.
Qeyd edilib ki, məhz Heydər Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində Azərbaycan dünya birliyində layiqli yerini tutub. Diqqətə çatdırılıb ki, 1993-cü ildə Azərbaycan dövləti sınaq qarşısında qalanda Heydər Əliyev ölkəni işğaldan qoruyaraq, onun inkişafına nail olub. Dünya siyasətini incəliklərinə qədər bilən Heydər Əliyev Azərbaycanın iqtisadi potensialından səmərəli istifadə edib. Enerji resurslarını dünya bazarına çıxarmaqla həm iqtisadi, həm də ictimai-siyasi sabitliyə nail olub ki, bu da ölkənin sabit inkişafına və xalqın sosial vəziyyətinin yüksəlməsinə gətirib çıxarıb.
Məqalədə vurğulanır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev məhz Heydər Əliyevin siyasi kursunu davam etdirərək, bir-birinin ardınca həm siyasi, həm diplomatik, həm də iqtisadi sahələrdə davamlı uğurlar qazanır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarını azad edib. İndi həmin ərazilərdə quruculuq işləri başlanıb. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran