MƏDƏNİYYƏT
İş təcrübəsi karyera üçün investisiya kapitalıdır

Bakı, 20 noyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) təhsil strategiyasında təhsil-tədris-tədqiqat-təlim-təcrübə modelinə üstünlük verilir. Tədris prosesində məhz nəzəriyyə-təcrübə tandemindən bəhrələnməyin vacibliyini başlıca şərt kimi dəyərləndirən ATİ ixtisaslı-peşəkar kadr hazırlığı sahəsində tərəfdaş ali məktəblərlə ikitərəfli əməkdaşlıqda da maraqlıdır. Son dövrlər ölkəmizdə fəaliyyətə başlayan turizm şirkətləri və brend otellərdə onlarla ATİ -nin məzunu məsul vəzifələrdə çalışırlar.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 19-da “Fairmont Baku” hotelində bu ali məktəbin 100-ə yaxın tələbəsi üçün karyera və təcrübə imkanları ilə tanışlıq görüşü keçirilmişdir.
Görüşdə hotelin əməliyyatlar üzrə direktoru Francis Desjardins institutun tələbələrini dünyanın nüfuzlu hotellərinin birində görməkdən məmnunluğunu bildirmiş, belə görüşlərin davamlı olacağına inandığını vurğulamışdır.
Hotelin təlim və inkişaf üzrə direktoru Sonya Flood 127 yaşlı “Fairmont” otelinin tarixi, otellər şəbəkəsində rolu, missiyası, iş imkanları, hədəfləri, Azərbaycanın genişlənən turizm potensialını əks etdirmə videoçarx-təqdimatla çıxış etmişdir. O, çıxışında tələbələrin diqqətinə bir daha çatdırmışdır ki, qarşılıqlı hörmət, səmimiyyət, gülərüzlülük biznes fəaliyyətinin genişlənməsinin açarıdır. Təcrübə, iş, məzun proqramlarını şərh edən xanım S.Flood ATİ tələbələrini bu proqramlardan yararlanmağa çağırmışdır.
“Fairmont Baku” hotelinin konfrans xidmətləri və iaşə üzrə əlaqələndiricisi İlkin Rüstəmov ATİ-nin ilk məzunu olaraq təhsil aldığı institutun tələbələrini çalışdığı brend müəssisənin şəxsi heyətində görmək istəyini ifadə etmişdir.
“Fairmont Baku”da karyera və təcrübə imkanları ilə tanışlığa həsr olunan görüşün sonunda ATİ məzunları çalışdıqları müəssisənin xidmət mədəniyyəti ilə tələbələri tanış etmişlər.