İSEE Fransa Biznes Məktəbinin əməkdaşı Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 29 noyabr (AZƏRTAC). İSEE Fransa Biznes Məktəbinin əməkdaşı xanım Katrin Papin Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu ali təhsil ocağının rektoru, professor Cəfər Cəfərov institutun fəaliyyətindən, əldə etdiyi uğurlardan və beynəlxalq əlaqələrindən danışmışdır.
Ölkəmizə mütəmadi səfər edən K.Papin Avropa biznes universitetləri arasında beşinci yerdə olan İSEE Fransa Biznes Məktəbində hazırda 760 tələbənin təhsil aldığını bildirmişdir. On iki il əvvəl əsası qoyulan İSEE Biznes Məktəbi tələbələrin səriştə və praktik qabiliyyətinin artırılması məqsədi ilə iş dünyası ilə yaxından əməkdaşlıq edir. Dörd mühüm istiqamətdə ingilis dili üzrə mütəxəssis hazırlayan ali təhsil müəssisəsinin xüsusi önəm verdiyi sahələrdən biri də turizmdir. Bu məktəbin dünya turizm mərkəzlərindən biri olan Parisdə yerləşməsi ona xüsusi dividentlər qazandırır.
Görüşün sonunda iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, tələbə mübadiləsi barədə ümumi razılığa gəlinmişdir.