“İslahat Könüllüləri” təşkilatının üzvləri ilə görüş keçirilib
Bakı, 11 mart, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın könüllülərlə “Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu” mövzusunda görüşü keçirilib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən görüşdə Q.Paşayeva əvvəlcə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəni sahəsində həyata keçirilən islahatlar, beynəlxalq səviyyəli qərarlar barədə könüllülərə məlumat verib. O, könüllü təşkilatlarının, eləcə də gənclərin ölkəmizin mədəniyyətinin təbliğindəki böyük rolundan danışıb. Bildirib ki, Azərbaycanın artıq bütün dünyada tanınan özünəməxsus mədəni dəyərləri və meyarları mövcuddur. Məhz bu səbəbdən gənclər öz innovativ fəaliyyətləri ilə mədəni irsimizi qorumaq və inkişaf etdirmək üçün ilk öncə tarixini gözəl bilməlidir.
Q.Paşayeva ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamı haqqında da danışıb. Qeyd edib ki, dahi Nizaminin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilən parlaq irsi əsrlərdən bəri şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlayır. Azərbaycan gəncləri də Nizami ideyalarını yaşadaraq ölkəmizin iqtisadi, sosial, təhsil eləcə də digər sahələrindəki inkişafına öz töhfələrini verməlidirlər.
İslahat Könüllüləri, “ASAN Könüllüləri”, “Aqrar İnkişaf Könüllüləri”, “DOST Könüllüləri”, “Könüllü gömrükçülər”, “BİR Könüllüləri” və digər təşkilatların könüllüləri olmaqla 100-dən çox könüllünün iştirak etdiyi tədbirdə gənclər komitə sədri ilə mövzuya dair fikirlərini bölüşüb, ona suallar ünvanlayıblar.