İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirləri Bakıda toplaşacaqlar
Bakı, 19 sentyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası və yüksəkvəzifəli rəsmilərin İƏT Əmək Mərkəzinin Baş Assambleyasının 2-ci sessiyasına hazırlıq iclası olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 23-24-də keçiriləcək tədbirlər təşkilatın fəaliyyəti ilə bağlı mühüm qətnamələrin müzakirəsi və qəbulu məqsədini daşıyır.
Tədbirlər çərçivəsində İƏT-nin Əmək Mərkəzi ilə ƏƏSMN-in birgə təşkilatçılığı ilə yüksəksəviyyəli dəyirmi masa da keçiriləcək.
Xatırladaq ki, İƏT-nin Əmək Mərkəzi 2023-cü ildə Bakı şəhərində üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı zamanı təsis edilib.
İƏT-in institutu olan bu mərkəz üzv ölkələrin əmək bazarının inkişafı, işçi hüquqlarının müdafiəsi, həmçinin məşğulluq imkanlarının artırılması sahələrində əməkdaşlığın genişləndirilməsində mühüm rola malikdir.