İŞLƏDİLƏN ENERJİ HAQQININ YIĞILMASI ÜÇÜN MÜXTƏLİF TƏSİR VASİTƏLƏRİNDƏN İSTİFADƏ OLUNUR
Gəncə şəhər telefon şəbəkəsinin hər bir abonenti zəng etmək üçün telefon dəstəyini qaldırarkən bu sözləri eşidir: “Siz elektrik enerjisi haqqını ödəmisinizmi?” Şəhər rabitəçiləri ilə əldə edilmiş razılığa əsasən həyata keçirilən bu üsul abonentlərlə aparılan kompleks işin yalnız bir formasıdır.
Bundan başqa, reyd briqadaları qanun pozuntusuna yol verən və ödəmələrdən boyun qaçıran abonentləri üzə çıxarır, akt tərtib olunur, işığın verilməsi dayandırılır.
Həyata keçirilən tədbirlər səmərə verir. Belə ki, MMC üzrə avqust ayında enerji haqqı 56,1 faiz ödənilmişdir.
İşlədilmiş enerji haqqının yığılması faizinin getdikcə artmasına sayğacların quraşdırılmasının da böyük təsiri olmuşdur. MMC-nin xidmət göstərdiyi Gəncə, Samux, Xanlar rayonlarında istehlakçıların 80 faizi fərdi sayğaclarla təmin olunmuşdur. Təkcə Gəncədə indiyədək 60 min sayğac quraşdırılmışdır.
MMC-nin energetikləri cari ilin sonunadək bütün abonentləri sayğacla təmin etmək və enerji haqqının yığımını yüz faizə çatdırmaq barədə ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifəni yerinə yetirmək üçün bütün təsir vasitələrindən istifadə edirlər.