İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur keçirilib VİDEO
İsmayıllı, 12 noyabr, AZƏRTAC
Ölkə rəhbəri tərəfindən təsdiq edilən dövlət proqramları çərçivəsində regionlara investisiya qoyuluşunun artırılması ailələrin rifahının yaxşılaşdırılmasına geniş imkanlar yaradır. Bu sahədə uğurlu tədbirlərdən biri də yerlərdə icmadaxili xidmətlərin və əhali ilə aparılan işlərin səmərəliliyinin artırılmasına töhfə verən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin (UADM) yaradılmasıdır. Uşaq və Ailələrə Dəstək Mərkəzi modeli beynəlxalq təcrübədən öyrənilib və yerli vəziyyətə uyğunlaşdırılaraq Azərbaycanda tətbiq edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir qrup media işçisi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə noyabrın 1-də açılan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binası ilə tanış olub.
Tanışlıq zamanı bildirilib ki, Mərkəzin binası qaz, işıq, isitmə-soyutma sistemləri, daxili və xarici nəzarət kameraları və digər kommunikasiya vasitələri ilə təchiz edilib. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq aktiv terapiya, psixoloq, loqoped, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaqları, qadınlar üçün məşğələ otağı, su terapiyası üçün hovuz, duş kabinələri və geyim otağı, asudə vaxtın təşkili məqsədilə ailə klubu, mətbəx və digər texniki otaqlar tikilib.
Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva ayrı-ayrı xidmət otaqları və yaradılan şərait barədə media nümayəndələrinə məlumat verib. Bildirib ki, mərkəzin fəaliyyətindən bəhrələnmək istəyən yaxın rayonlardan olan risk qruplu ailələr üçün də yataq otaqları və sanitar qovşaqları tikilərək istifadəyə hazır vəziyyətə gətirilib.
Mərkəz normal və günün tələbinə uyğun fəaliyyət göstərməsi üçün lazımi avadanlıq və vəsaitlərlə təmin olunub. Bu isə İsmayıllı UADM-ın mütəxəssislərinə - psixoloq, aktiv terapiya mütəxəssisi və loqopedlərinə daha yaxşı işləməyə, daha çox insana xidmət göstərməyə imkan verəcək. Qadınlar optik internet xətti ilə təchiz olunan İcma İnformasiya Mərkəzindən də faydalana bilərlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib: “Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti icmadaxili xidmətlərin və əhali ilə aparılan işlərin səmərəliyinin artırılması baxımından uğurlu nəticələr verib. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində 11 rayonda UADM fəaliyyət göstərir”.
Dövlət komitəsinin sədr müavini əlavə edib ki, UADM-ın fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır. Mərkəzlərin fəaliyyəti əsasən uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikah və məişət zorakılığı hallarının qarşısının alınmasından, yeniyetmələrin və uşaqların təhlükəli yaş dövründə problemlərinin araşdırılaraq, onlarla psixoloji işin aparılmasından, valideynlərin təlimləndirilməsindən, uşaq və yeniyetmələr üçün asudə vaxtın təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir.
Qeyd edək ki, Dağlıq Şirvan iqtisadi rayonunda yerləşən İsmayıllı UADM Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyinə verilib. İsmayıllı UADM-ə fəaliyyəti dövründə 10 minə yaxın müraciət daxil olub və bu illər ərzində 39000 İsmayıllı sakini mərkəzin fəaliyyətindən bəhrələnib. 2021-ci ilin 9 ayı ərzində isə 522 nəfər mərkəzin fəaliyyətindən istifadə edib.