REGİONLAR
İsmayıllıda 8 min ailəyə Qurban payı verilib
İsmayıllı, 20 iyul, AZƏRTAC
İsmayıllıda iyulun 20-də dini ayinlərin icrası ilə başlanan Qurban bayramında dövlətimizin firavanlığı, tərəqqisi, xalqımızın rifahı naminə dualar edilib, bayram namazı qılınıb, qurbanlar kəsilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaradılan qruplar vasitəsilə bayram münasibətilə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərə və aztəminatlı ailələrə Qurban payı verilib. Bayram münasibətilə Qurban payı İsmayıllı şəhəri üzrə 2000 ailəyə, 105 yaşayış məntəqəsini əhatə edən 37 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə isə 6 min nəfərədək ailəyə ümumi çəkisi 7 tona yaxın qurban payı çatdırılıb.
Qeyd edək ki, Qurban bayramı günlərində Qurbanlıq heyvanların kəsimi və satışı İsmayıllı şəhərinin Heydər Əliyev prospektindəki “Yaşıl market” ticarət kompleksində təşkil olunub. Burada əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb.