İsmayıllıda şəhidin xatirəsinə həsr olunan bulaq kompleksi istifadəyə verilib
İsmayıllı, 3 iyul, AZƏRTAC
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Vüsal Dəmirovun şərəfli həyat yolundan danışıb. Vurğulayıb ki, şərəfli döyüş yolu keçən Vüsal və onun kimi şəhidlərin xatirəsi heç bir zaman unudulmayacaq.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını vurğulayan icra başçısı şəhidlərimizin, igid döyüşçülərimizin Vətən qarşısındakı xidmətlərinin layiqincə qiymətləndirildiyini, orden və medallarla təltif olunduqlarını söyləyib.
Mərasimdə şəhid Vüsal Dəmirovun gənclərə nümunə olan qısa və şərəfli ömür yolundan danışılıb. Qeyd edilib ki, o, 1993-cü il sentyabrın 10-da İsmayıllı şəhərində dünyaya gəlib. 2000-ci ildə İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə, 2005-ci ildə isə Bakı şəhərində Respublika Olimpiya İdman liseyinə daxil olub. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra vətən sevgisi Vüsalı hərbi xidmətdə qalmasına sövq edib. O, hərbi xidmətdə fərqlənməyə görə fəxri fərman və mükafatlara layiq görülüb. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ildə Tovuz döyüşlərində iştirak edib. Vüsal Vətən müharibəsində Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatirə bulaq kompleksinin açılışında İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.