İSMAYILLIDA TƏHSİL BAYRAMI KEÇİRİLMİŞDİR
İsmayıllı, 18 avqust (AZƏRTAC). Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı şəhərinin mərkəzi meydanında bu il ali məktəblərə qəbul olunan orta məktəb məzunlarının, “İlin ən yaxşı ümumtəhsil məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqəsi qaliblərinin şərəfinə möhtəşəm bayram şənliyi keçirilmişdir.
Artıq ənənəyə çevrilən və minlərlə sakinin qatıldığı təhsil bayramını rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov açmışdır. Təhsil naziri Misir Mərdanov, Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Oki, Milli Məclisin deputatı Novruzəli Aslanov, Belarusun Minsk vilayətinin Nesvij rayonundan gəlmiş məktəb direktoru Radoman Qalina Vasilyevna və başqaları tədbirdə çıxış etmişlər.
Bir sıra natiqlər son illər respublikamızda təhsil sahəsində aparılan islahatlardan, təhsilin maddi-texniki bazasının yaxşılaşdırılmasına göstərilən dövlət qayğısından, bu sahədə Heydər Əliyev Fondunun gördüyü işlərdən ətraflı bəhs etmişlər. Habelə göstərilmişdir ki, təhsil sahəsində pilot rayon kimi İsmayıllıda son illər böyük uğurlar qazanılır. Təkcə bu il rayonda test imtahanları üçün ərizə vermiş 546 nəfərdən 239-u tələbə adını qazanmışdır. 12 məzun 600-dən yuxarı bal toplamışdır. Ən yüksək - 665 balı Lahıc qəsəbə orta məktəbinin məzunu Əlibəy Əliyev toplamışdır.
Şəhər 3 nömrəli, İvanovka və İsmayıllı kənd orta məktəbləri “İlin ən yaxşı məktəbi”, şəhər 3 nömrəli məktəbin müəllimi Humay Talıbova, Çingiz Muradlı, şəhər 2 nömrəli orta məktəbinin müəllimi Fəqan Məmmədov “İlin ən yaxşı müəllimi“ müsabiqəsinin qalibləri olmuşlar.
Tədbirdə 600-dən yuxarı bal toplayan məzunlara qiymətli hədiyyələr verilmişdir.
Bayram tədbiri incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etdirilmişdir. Atəşfəşanlıq olmuşdur.