İsmayıllıda Xocalı soyqırımının 23-cü ildönümü kütləvi tədbirlərlə qeyd olunub
İsmayıllı, 26 fevral, AZƏRTAC
İsmayıllıda XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, fevralın 26-da səhər saatlarında 6 min nəfərədək sakin şəhərin mərkəzi meydanından Nizami Gəncəvi küçəsində yerləşən “Ana harayı” soyqırımı abidəsinədək yürüş edib. Abidənin önünə rayon icra hakimiyyəti adından əklil qoyulub. Yürüşçülərin bir hissəsi, əsasən gənclər Mədəniyyət sarayına gələrək faciənin 23 illiyinə həsr olunan tədbiri davam etdiriblər.
Dövlət qulluğu veteranı Valeh Salehov saraya toplaşanlar qarşısında erməni daşnaklarının zaman-zaman azərbaycanlılara qarşı törətdikləri qətliamlardan, 23 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri soyqırımından danışıb. Natiq Xocalı soyqırımının dünyaya çatdırılmasında və tanıdılmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin gərgin fəaliyyətlərindən bəhs edib.
Sonra rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. 2015-ci ildə “Gənclər paytaxtı” seçilən ismayıllıda ilk tədbir olaraq Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib və “Azərbaycan bayrağı” ordenli İbad Hüseynovla görüş keçirilib.
“Addım gənclər təşkilatı” və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin rayon gənclər və idman idarəsinin dəstəyi ilə reallaşdırılan tədbirdə “Nargis Publishing House” tərəfindən hazırlanan “Xatirə” qısametrajlı filmi nümayiş etdirilib.
Qeyd edək ki, film Xocalıdan olan məcburi köçkünlərdən bəhs edir.
Tədbirə fəxri qonaq kimi qatılan İbad Hüseynov iştirakçılara özünün şahidi olduğu Qarabağ həqiqətləri barədə danışıb. Natiq gəncləri vətən uğrunda döyüşə hər an hazır olmağa, vətəni daha məhəbbətlə sevməyə çağırıb.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən söz açıb və iştirakçılara minnətdarlığını bildirib.