İspandilli nəşrlər: Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır
Madrid, 28 sentyabr, AZƏRTAC
İspaniyanın EFE informasiya agentliyində, İsveçrə ictimai teleradio yayım korporasiyasının (SRG SSR) ispandilli SWI swissinfo.ch versiyasında, eldiario.es, eluniverso.com xəbər portallarında “Azərbaycan Dağlıq Qarabağda müharibənin başlanmasının ildönümünü qeyd edir” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə bir il bundan əvvəl sentyabrın 27-də Qarabağ müharibəsinin başlanması diqqətə çatdırılır. Qeyd olunur ki, 44 gün davam etmiş bu müharibə Azərbaycanın Qələbəsi ilə başa çatıb. Azərbaycan 30 il müddətində Ermənistanın işğalı altında olmuş torpaqlarını geri qaytarıb.
İspandilli nəşrlər Prezident İlham Əliyevin xalqa televiziya müraciətindən sitatlar gətirir:
“Biz bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır”.
“Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
Materiallarda qeyd edilir ki, Prezident İlham Əliyev azərbaycanlıların qələbə naminə canlarından keçməyə hazır olduğunu xatırladıb, əminliklə bildirib ki, müharibə dövründə xalq ordunu qətiyyətlə dəstəkləyib. O deyib: “Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı”.
Nəşrlər diqqətə çatdırırlar ki, Prezident Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazinin olmadığını bildirib. O deyib: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin,”.
İspandilli nəşrlər yazırlar ki, Prezident İlham Əliyev Vətən müharibəsi memorial kompleksinin və Qələbə Muzeyinin təməlini qoyub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid