İSPANİYA ALİMLİ HESAB EDİR Kİ, KOLUMBUN CƏNAZƏSİ İKİ MƏZARDA UYUYUR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, alim bu yaxınlarda Kolumbun Sevilyadakı cənazəsinin və oğlu Ernandonun cənazəsinin DNT-lərinin müqayisəli analizini aparmışdır. Lorente demişdir: “Analiz təsdiq etmişdir ki, dəniz səyyahının əsil cənazəsi Sevilya Kafedral kilsəsində saxlanılır. Lakin bu, hələ o demək deyil ki, Kolumbun Dominikan Respublikasındakı cənazəsi saxtadır”.
Professorun qənaətincə, “güman etmək olar ki, dəniz səyyahının bədəninin bir hissəsi Santo-Dominqoda saxlanılmış, qalan hissəsi isə Sevilyaya aparılmışdır. Belə ki, Dəniz-Okean Kapitanı (Kolumbun adlarından biridir) ölümündən sonra çox “səyahət etmişdir”.
Xristofor Kolumb 1506-cı ildə İspaniyanın Valyadolid şəhərində dünyasını dəyişmişdir. 1509-cu ildə onun cənazəsini ölkənin cənubuna – Sevilyaya, oradan isə 1544-cü ildə Santo-Dominqoya, Kolumbun 1492-ci ildə kəşf etdiyi İspanyola (indiki Haiti) adasına aparmışlar. 1795-ci ildə İspaniya qoşunlarının indiki Dominikan Respublikasını tərk etməsi ilə əlaqədar onu Kubada torpağa tapşırmışlar. Kolumbun cənazəsini 1898-ci ildə Kubadan Sevilyaya qaytarmışlar.
Tədqiqatçı demişdir: “Kolumbun iki məzarı olduğu barədə son ehtimal bununla da qismən təsdiqlənir ki, Sevilyada və Dominikan Respublikasında cənazənin yalnız ayrı-ayrı fraqmentləri saxlanılır, özü də Sevilyadakı cənazənin qalıqları 200 qramdan artıq deyildir”.
Lorente əlavə etmişdir ki, “həqiqəti yalnız Santo-Dominqodakı qalıqların genetik analizi aparıldıqdan sonra öyrənmək olar. Lakin Dominikan Respublikasının hakimiyyət orqanları bu cür tədqiqat aparılmasına hələlik icazə verməmişlər”.