İspaniya La Liqası: “Barselona” və “Real Madrid” qələbə qazanıb
Bakı, 22 yanvar, AZƏRTAC
Futbol üzrə İspaniya La Liqasında XXI turun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, turun maraqlı görüşlərindən biri “Betis” və “Barselona” arasında olub. Gərgin keçən oyun Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 21-ci dəqiqədə Ferran Torres açıb. O, 42-ci dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Lakin meydan sahiblərinin heyətində İsko 56-cı və 60-cı dəqiqələrdə qol vuraraq tablodakı rəqəmləri bərabərləşdirib. Joao Feliks 90-cı dəqiqədə komandasını yenidən önə çıxardıb. Qarşılaşmada son nöqtəni 92-ci dəqiqədə het-trikini rəsmiləşdirən Ferran Torres qoyub.
“Barselona”nın əzəli rəqibi "Real Madrid" də turu qələbə ilə bitirib. Paytaxt klubu doğma meydanda "Almeriya"ya 3:2 hesabı ilə qalib gəlib.
Görüşdə hesabı qonaqların heyətində 1-ci dəqiqədə Largi Ramazani açıb. Edqar Gonsales 43-cü dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Ruhdan düşməyən meydan sahibləri 57-ci dəqiqədə Cud Bellinqamın qolu ilə fərqi azaldıb. Vinisius Junior 67-ci dəqiqədə hesabı bərabərləşdirib. 90+7-ci dəqiqədə isə Dani Karvaxal qələbə qoluna imza atıb.
Turun digər oyunlarında "Real Sosyedad" səfərdə "Selta"nı 1:0, "Osasuna" isə "Xetafe"ni 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Real Madrid" 51 xalla liderdir. "Jirona" 49 xalla 2-ci, "Barselona" 44 xalla 3-cü, "Atletik Bilbao" isə 41 xalla dördüncü pillədə qərarlaşıb.