DÜNYA
İspaniyada Avropanın ən qədim ayaqqabıları tapılıb

Bakı, 29 sentyabr, AZƏRTAC
Alimlər İspaniyanın Əndəlüs vilayətində təxminən 6000 il yaşı olduğu ehtimal edilən və otdan toxunulmuş Avropanın ən qədim ayaqqabılarını aşkar ediblər.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bu ayaqqabılar İspaniyada 19-cu əsrdə mədənçilər tərəfindən talan edilmiş yarasa mağarasında aşkar edilmiş qədim əşyalar arasında olub, lakin yeni bir araşdırmada onların qədimliyi aşkar olunub. Mağarada olan aşağı rütubət və sərin küləklər onları qeyri-adi dərəcədə yaxşı qoruyub saxlayıb. Tədqiqatçılar, həmçinin buradakı səbətləri və alətlər dəstini təhlil ediblər.
Tədqiqatın həmmüəllifi Maria Herrero Otal bildirib: “Bu əşyalar Cənubi Avropada indiyə qədər məlum olan ən qədim və ən yaxşı qorunan bitki lifi materialları dəstidir. Texnoloji müxtəliflik və xammalın emalı tarixdən əvvəlki icmaların bacarıqlarını göstərir”.
Tapılan bəzi əşyalar 9000 il əvvələ aiddir. Tədqiqatçılar ayaqqabıların hazırlanmasında müxtəlif növ otlardan istifadə edildiyini, eyni zamanda dəri və əhəng kimi digər materialların da olduğunu bildiriblər.