MƏDƏNİYYƏT
İspaniyada BMÜTT-nin İcraiyyə Şurasının sessiyası keçirilir
Bakı, 10 may, AZƏRTAC
İspaniyanın Malaqa şəhərində keçirilən Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İcraiyyə Şurasının 103-cü sessiyasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Əbülfəs Qarayev əvvəlcə İspaniya hökumətinə və Ümumdünya Turizm Təşkilatına Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna göstərdikləri dəstəyə görə təşəkkür edib. Nazir çıxışında Ümumdünya Turizm Təşkilatı beyin mərkəzlərinin rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini vurğulayaraq həmin görüşdə turizm sahəsi ilə bağlı aparılan müzakirədən sitatlar gətirib, İcraiyyə Şurasının turizmin həm sülhün və dialoqun qurulmasında, həm də iqtisadiyyatın inkişafında, yeni iş yerlərinin açılmasında, BMT-nin Davamlı İnkişaf gündəliyində rolu barədə dünya liderlərinə müraciət edilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, mayın 11-dək davam edəcək sessiyanın gündəmində 2015 və 2016-cı illərdə beynəlxalq turizm, qlobal səviyyədə turizmin rolunun gücləndirilməsi, prioritetlər və idarəetmə baxışları, turizmin davamlı inkişafı, eləcə də BMÜTT-nin 2015 və 2016-cı illər üzrə maliyyə hesabatları, maliyyə auditi bəyannaməsi və üzvlük statusu kimi məsələlər yer alıb.