İSPANİYADA ŞAGİRDLƏR MÜƏLLİMLƏRİ DÖYÜRLƏR
İspaniya Müəllimləri Birləşmiş Həmkarlar İttifaqının məlumatında deyilir: “Dövlət orta məktəblərinin müəllimləri arasında aparılan sorğu nəticəsində məlum olmuşdur ki, onların azı 15 faizi şagirdlər tərəfindən fiziki zorakılığa, 73 faizi isə təhqirlərə məruz qalır”. Rəyi soruşulan müəllimlərin 81 faizi məktəb daxilində daha böyük hüquqlar və pedaqoqların nüfuzunun möhkəmləndirilməsinə yönəldilmiş tədbirlər tələb edirlər. Dövlət məktəblərində vəziyyət dözülməzdir. Müəllimin onu döyən xuliqanın əlindən tutmağa belə ixtiyarı yoxdur və yetkinlik yaşına çatmayanlara fiziki təsir göstərməyin cinayət məsuliyyətindən qorxur.
Həmkarlar ittifaqının nümayəndəsi demişdir ki, ölkədə yetkinlik yaşına çatmayana cüzi toxunmağı belə qadağan edən sərt qanunvericilik mövcuddur. Rəyi soruşulan 12 min müəllimdən 9 faizi bildirmişdir ki, dövlət məktəbləri müəllimlərinin əksəriyyəti işə getməkdən qorxur. Müəllimə hörmətsizlik və ona qarşı fiziki zorakılıq İspaniya məktəblərində ümumi böhranlı vəziyyətin bir hissəsidir. İspaniya Təhsil Nazirliyinin bu yaxınlarda açıqlanmış rəsmi məlumatına görə, yeniyetmələrin üçdəbiri icbari orta təhsil almadan məktəbi atır. Avropa İttifaqı Komissiyasının ötən il apardığı yoxlama müəyyən etmişdir ki, dövlət məktəbləri məzunlarının hazırlıq səviyyəsinə görə İspaniya Aİ-də sonuncu yer tutur. İspaniya təhsil sistemi son vaxtlaradək məktəblilərin biliklərini qiymətləndirmək üçün imtahanlar nəzərdə tutmamışdı. Geri qalan şagirdlər avtomatik surətdə sinifdən sinfə keçirilmişdir.
Nazirliyin məlumatına görə, İspaniya məktəbliləri 11 yaşından siqaret çəkməyə, yarısından çoxu isə 15 yaşından narkotiklər qəbul etməyə başlayırlar.