İsrailin ölkəmizdəki səfiri Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 3 dekabr (AZƏRTAC). Dekabrın 3-də İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə ATİ-nin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışmışdır. Diqqətə çatdırmışdır ki, hazırda bu ali təhsil ocağında 3 fakültə, 9 kafedra fəaliyyət göstərir. On bir ixtisas üzrə 1700-ə yaxın tələbə bakalavr pilləsində təhsil alır. Bununla yanaşı, ATİ-də 138 magistrant və 39 doktorant vardır. İnstitutun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində isə 12 peşə ixtisası üzrə 500-dən çox şagird təhsil alır.
Rektor qeyd etmişdir ki, rəhbəri olduğu institutda təhsil-tədris-təcrübə-tədqiqat modelinə xüsusi üstünlük verilir. Qərara gəlmişik ki, əsasən ixtisaslı kadr hazırlığı ilə kifayətlənməyək, ATİ fəaliyyət istiqamətini daha da genişləndirərək tətbiqi elmlər universiteti kimi tanınsın. Artıq beşinci ildir ki, ATİ-nin tələbələri İsraildə uğurla 20 həftəlik istehsalat təcrübəsi keçirlər. Tələbələrimizdən 69 nəfəri İsrailin Eilat şəhərindəki otellərdə iş təcrübəsi qazanmışdır. Biz əməkdaşlıqdan çox məmnunuq və bundan sonra da əlaqələrimizi uğurla davam etdirəcəyik.
İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz və missiya rəhbərinin müavini Ronen Krausz və mətbuat katibi Sevda Əmirova maraqlı görüşə görə təşəkkür etmiş, belə təmasların davamlı olacağına əminliklərini ifadə etmişlər.
Səfir Azərbaycandakı diplomatik fəaliyyətindən razı qaldığını, ölkəmizin böyük turizm potensialına malik olduğunu diqqətə çatdırmışdır. Diplomat qeyd etmişdir ki, Azərbaycan turizmdən böyük dividendlər əldə etmək imkanına malikdir və İsrail Dövləti ölkəmizi bu sahədə həmişə dəstəkləməyə hazırdır. O, ATİ-nin tələbələrinin İsraildə təcrübə keçmələrindən razı qaldığını, əməkdaşlıq çərçivəsində təcrübə keçənlərin sayının daha da yüksəldilməsinin tərəfdarı olduğunu söyləmişdir.