İşsiz qadınlar məişət zorakılığına daha çox məruz qalırlar
Bakı, 15 dekabr, AZƏRTAC
Araşdırmanın nəticələri göstərir ki, məişət zorakılığına məruz qalanların böyük əksəriyyəti orta təhsilli şəxslərdir. Sorğuya cəlb olunmuş respondentlərin 78 faizinin işsiz, 22 faizinin məşğul olması onu göstərir ki, məişət zorakılığına daha çox işsiz şəxslər (xüsusilə işsiz qadınlar) məruz qalırlar. Bu, qadınların məşğulluğunun təmin edilməsi istiqamətində daha geniş proqramların həyata keçirilməsinə ehtiyac olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dekabrın 15-də keçirilən iclasında təqdim olunan illik hesabatında öz əksini tapıb.
Hesabatda, həmçinin bildirilir ki, qurbanlara qarşı zorakılıq həm intim partnyorları, həm də intim partnyorları olmayan şəxslər tərəfindən törədilir. Zorakılıq törədənlərin 33 faizi qurbanların əri, 16 faizi keçmiş əri, 6 faizi qanuni nikahda olmadan birgə yaşadığı şəxs, 4 faizi anası, 4 faizi atası, 10 faizi qardaşı, 12 faizi qaynanası, qalan 15 faizi isə digər şəxslərdir.
Zorakılıq qurbanları daha çox məişət zəminində fiziki və psixi zorakılığa məruz qalırlar. Sorğuya cəlb olunmuş respondentlərin 78 faizi fiziki, 84 faizi psixi zorakılığa məruz qaldığını bildirib. Ekspertlərin əksəriyyətinin qənaətinə görə, zorakılıq qurbanlarının çoxu seksual zorakılığa məruz qalmalarını açıqlamaqdan çəkindiklərindən seksual zorakılıq qurbanlarının statistik göstəriciləri reallıqda olduğundan dəfələrlə aşağıdır.