İstanbul Universitetinin professorları Şərqşünaslıq İnstitutunda olublar
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Türkiyənin İstanbul Universitetinin professorları Osman Fikri Sertkaya və Ayşe Gül Sertkaya AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu elmi müəssisənin direktoru akademik Gövhər Baxşəliyeva ilə keçirilən görüşdə professor Osman Fikri Sertkaya Bakıya öncəki səfərlərindən, Azərbaycan alimləri ilə dostluğundan danışıb, Azərbaycanın onun qəlbində həmişə dərin iz qoyduğunu deyib.
Akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda türkologiya sahəsində aparılan tədqiqatlardan, çap olunan kitablardan bəhs edib.
Daha sonra türk alimlər Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Professor Osman Fikri Sertkaya Bakıya 38 il öncəki ilk səfərindən və sonrakı ziyarətlərindən danışıb. Türkoloq-alim, həmçinin ərsəyə gətirdiyi əsərlərindən söz açıb. O, türkcə əsərlərdən savayı almanca nəşr olunan iki kitabından bəhs edib, həmçinin seçilmiş əsərlərinin yaxın vaxtlarda ingiliscə və fransızca nəşr olunacağını bildirib.
Professor Ayşe Gül Sertkaya bütün Türk dünyası ölkələrini gəzdiyini söyləyib, Bakının onun qəlbində xüsusi yeri olduğunu vurğulayıb.
Daha sonra türk professorlar institut əməkdaşlarının suallarını cavablandırıblar.