SİYASƏT
İstanbulda müalicə alan şəhid atası səyyar qaydada səs verib
![](/files/galleryphoto/2024/1/1200x630/17073163152239763944_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073163152337414053_1200x630.jpeg)
İstanbul, 7 fevral, AZƏRTAC
Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində təşkil olunan məntəqələrdə həmvətənlərimizin seçkilərə göstərdikləri yüksək marağı davam edir.
AZƏRTAC xəbər verir ki, seçicilərin böyük bir qismi səhər saatlarından başlayaraq səsvermə məntəqələrinə gələrək öz səslərini verirlər.
Həmçinin 18 yaşı tamam olub, fiziki baxımdan səsverməyə gələ bilməyən vətəndaşlarımız üçün səyyar qutular yaradılıb. Bununla bağlı diplomatik nümayəndəliyimizə müraciət edənlərdən biri də “YAŞAT” Fondunun dəstəyi ilə İstanbulda müalicə alan Vətən müharibəsinin şəhidi Asəf Ağayevin atası Abid Ağayev olub. Müraciətə əsasən, seçicinin ünvanına İstanbuldakı baş konsulluğumuz tərəfindən daşınan qutu göndərilib və şəhid atası öz səsini verib.
Xatırladaq ki, Azərbaycanın Türkiyədəki səfirliyində 46 və 47, İstanbuldakı baş konsulluğunda 53 və 54, Qarsdakı baş konsulluğunda isə 55 saylı seçki məntəqələri yaradılıb.
Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə və ya ümumiyyətlə, hazırda Türkiyədə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 19:00-dək seçki məntəqələrinə gələrək səsvermə hüquqlarını həyata keçirə bilərlər.