İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının turizm üzrə işçi qrupunun iclası keçirilmişdir
İstanbul, 10 dekabr (AZƏRTAC). İstanbulda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibliyində turizm üzrə işçi qrupunun iclası keçirilmişdir.
İclasda Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kiprin mədəniyyət və turizm nazirliklərinin nümayəndələri iştirak etmişlər.
İşçi qrupunun iclasında Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə və nazirliyin əməkdaşı Məleykə Hüseynova təmsil etmişlər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı çıxışında bildirmişdir ki, qurumun cari ilin avqustunda Azərbaycanın Qəbələ şəhərində keçirilmiş III Zirvə toplantısında gələn il Türkiyədə təşkil ediləcək IV iclasın əsas mövzusunun “Turizm əməkdaşlığı” olması müəyyənləşdirilmişdir. Təşkilata üzv ölkələrin turizm nazirlərinin 2014-cü ildə keçiriləcək iclasında imzalanması nəzərdə tutulan Birgə Əməkdaşlıq Protokolunun layihəsinə daxil olan məsələlər - xidmət sektorunda təcrübə mübadiləsi, dövlət və özəl sektorların əməkdaşlığının gücləndirilməsi, regional, beynəlxalq turizm yarmarkalarında və sərgilərində müştərək iştirakın təmin edilməsi işçi qrupunun iclasında müzakirə olunacaqdır.
Dekabrın 12-də isə daha bir işçi qrupunun - kommunikasiya əlaqələndirmə qrupunun iclasında modern İpək Yolunun bərpası, birgə nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaqdır.
Müzakirələrdən sonra, işçi qrupunun üzvləri nazirlərin toplantısında müzakirə olunacaq təklifləri təsdiq edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibliyinə təqdim etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul