İstanbulda Xocalı soyqırımının ildönümü ilə bağlı fotosərgi və anma mərasimi keçirilib
İstanbul, 26 fevral, AZƏRTAC
İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fotosərgi və anma mərasimi keçirilib.
Azərbaycanın İstanbuldakı baş konsulluğunun dəstəyi ilə keçirilmiş tədbirdə Azərbaycan və Türkiyədən olan dövlət rəsmiləri və deputatlar, tanınmış alimlər, elm və mədəniyyət xadimləri, şəhər ictimaiyyətinin bütün təbəqələrini təmsil edən insanlar iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himləri səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İSTAD-ın sədri Səfər Qaraqoyunlu Xocalı soyqırımının bütün bəşəriyyət üçün mənəvi ləkə, insanlığa qarşı cinayət olduğunu qeyd edib.
Sonra Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, deputatlar Sabir Rüstəmxanlı, Aqil Abbas, Fəzail İbrahimli, Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek və başqalarının çıxışları dinlənilib. Xocalı soyqırımının dəhşətlərindən danışan natiqlər qeyd ediblər ki, beynəlxalq ictimaiyyət bu faciəyə hüquqi-siyasi qiymət verməyənədək belə dəhşətli hadisələrin təkrar olunma riski qalacaq.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış,
Xocalı soyqırımı, digər bölgələrimizdə törədilən cinayətləri əks etdirən kitab, buklet və videomateriallar paylanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul