İsveçdə Xocalı soyqırımına həsr olunmuş sərgi keçirilib YENİLƏNİB VİDEO
Stokholm, 26 fevral, Nərgiz Cəfərli, АZƏRTAC
İsveçin Höteborq şəhərində Xocalı soyqırımına həsr olunmuş maarifləndirici sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, Höteborq kitabxanasında keçirilən tədbir Azərbaycan Diaspor Gənclərinin təşəbbüsü, İsveç üzrə gənclər koordinatoru Məsumə Rüstəmlinin təşkilatçılığı və İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Höteborq üzrə koordinatoru Ülviyyə Nəcəfovanın dəstəyi ilə həyata keçirilib.
Sərgi çərçivəsində 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş faciəyə dair tarixi faktlar, fotomateriallar və məlumat resursları ziyarətçilərə təqdim olunub.
Ülviyyə Nəcəfova bildirib ki, faciədən 34 il keçməsinə baxmayaraq, azərbaycanlılar harada yaşamağından asılı olmayaraq, həmin faciə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdır.
Qeyd edək ki, 2017-ci ildən etibarən Höteborq şəhərində hər il Xocalı soyqırımı ilə bağlı anım tədbirləri təşkil olunur.
Hər il olduğu kimi, ölkədə yaşayan azərbaycanlı gənclər və uşaqlar tədbirdə fəal iştirak edir, onların çəkdikləri rəsmlər və digər yaradıcılıq işləri də sərgidə nümayiş etdirilir. Bu təşəbbüs gənc nəslin tarixi yaddaşa bağlılığını və milli kimliyinə sahib çıxmasını əks etdirir.
Tədbir zamanı yerli sakinlərlə açıq dialoq aparılıb, Xocalı faciəsinin tarixi konteksti və nəticələri barədə ətraflı məlumat verilib.
Sərginin əsas məqsədi Xocalı soyqırımını İsveç ictimaiyyətinə tanıtmaq, beynəlxalq ictimaiyyətin diqqətini bu faciəyə yönəltmək və “Unutmadıq, unutdurmayacağıq” mesajını çatdırmaq olub.