İsveçin iqlim və ətraf mühit naziri qanunu pozmaqda ittiham olunur
Stokholm, 16 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç hökumətinin iqlim dəyişikliyi ilə mübarizə üzrə Tədbirlər Planı ilin sonuna qədər hazır olmalıdır. Lakin iqlim və ətraf mühit naziri Romina Purmoxtarinin sözlərinə görə, bu daha çox vaxt apara bilər.
AZƏRTAC xəbər verir ki, nazirin açıqlaması müxalifətdə kəskin reaksiyaya səbəb olub, indi həm Mərkəzi partiya, həm də Yaşıllar partiyası nazir haqqında Riksdagın Konstitusiya komitəsinə xəbər verəcəklər.
Parlamentin nümayəndəsi Daniel Hellden nazir Purmoxtarini İsveç xalqına pərdə arxasından rəhbərlik etməkdə ittiham edir. O qeyd edir ki, “İqlim haqqında” qanun nəyin tətbiq olunduğunu aydın şəkildə müəyyən edir. Deputat Purmoxtarinin müsahibəsindəki açıqlamaları qəribə adlandırır.
“İqlim dəyişikliyi ilə mübarizə üzrə Tədbirlər Planının bu il hazır olacağı onun üçün yeni bir xəbər deyil. Təxirə salınmış tədbirlər planı göstərir ki, bizim iqlim dəyişikliyi ilə mübarizə üzrə uğurlar barədə ucadan danışan, eyni zamanda emissiyaları artıran və bu sahədə öz qanunlarını pozan hökumətimiz var. Dubaydakı COP28 sazişində deyilir ki, biz bu onillikdə tez bir zamanda tullantıları azaltmalıyıq. Bizim hətta bunun necə ediləcəyini deyə bilməyən iqlim məsələləri üzrə nazirimiz var”, - deyə Hellden bildirib.
Dekabrın əvvəlində Dubaydakı COP28 iqlim sammitində Purmoxtari deyib ki, hökumət mümkün qədər tez bir zamanda planı hazırlamağa çalışır.
“Lakin mən bunu məzmuna və keyfiyyətə xələl gətirməklə etməyi düşünmürəm. Bunun konkret baş verəcəyi tarix nə qədər tez dəqiq danışıqlar aparıb razılığa gələ bilməyimizdən asılıdır”, - deyə Romina Purmoxtari sammitdə bildirib.
Konstitusiya komitəsi hökumət və nazirləri onların qanunlara və qərarlara riayət etməsi ilə bağlı diqqətlə yoxlayır. Riksdag üzvləri nazirlər ilə bağlı komitəyə məlumat verə bilərlər, daha sonra komitə səhvlərə yol verilib-verilmədiyini araşdırır. Mərkəzi partiya bundan əvvəl də tullantıların azalmaması ilə bağlı Purmoxtarini etimadsızlıq səsverməsi elan etməklə hədələyib. Lakin bunun üçün partiyanın 35 səsi çatmayıb.