İsveçli professordan “NATO” bəhanəsi ilə türk tələbəyə qarşı ayrı-seçkilik
Bakı, 15 yanvar, AZƏRTAC
İstanbul İbn Haldun Universitetinin Psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Fatma Zəhra 2023-cü ilin yayında “Erasmus+” qrant proqramı çərçivəsində Avropanın ali məktəblərin birində təcrübə keçmək hüququ qazanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, tələbənin Stokholm Universitetinə müraciəti Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı mövqeyinə görə professor tərəfindən rədd edilib.
Belə ki, ötən ilin noyabrın 23-də tələbə müvafiq ünvana e-poçt məktubu göndərərək Stokholm Universitetində professor Per Karlbrinqin rəhbərlik etdiyi tədqiqat layihəsində iştirak etmək istəyir. Karlbrinq təcrübə ərizəsinə "Hörmətli Fatma, sizi qonaq etmək istərdim, lakin Türkiyə İsveçin NATO-ya üzv olmasına mane olduğu üçün ərizənizi rədd etməliyəm. Üzr istəyirəm”,- deyə cavab verib.
Mövzu ilə bağlı danışan Fatma yaşadıqlarının "aysberqin görünən tərəfi" ola biləcəyini və universitetə müraciət edən digər tələbələrin də buna bənzər cavab ala biləcəyini ifadə edərək bu cavabın ona pis təsir etdiyini söyləyib.
Mənfi cavab almasına baxmayaraq, Fatmanın ərizəsi eyni universitetin psixologiya kafedrasında başqa professor tərəfindən qəbul edilib. O, bu yay təcrübə proqramında iştirak edəcək.