İsveçrə əhalisi ictimai teleradio üçün rüsumların qüvvədə qalmasına tərəfdardır
Bern, 6 mart, AZƏRTAC
İsveçrədə keçirilən növbəti ümumxalq səsverməsində ölkə əhalisinin böyük əksəriyyəti ictimai teleradio üçün tətbiq edilən rüsumların qüvvədə saxlanmasına səs verib.
AZƏRTAC xəbər verir ki, səsvermədə iştirak edən seçicilərin 71,6 faizi ictimai teleradioların maliyyələşməsi üçün hər bir mənzil üzrə tutulan illik 451 İsveçrə frankının qüvvədə saxlanmasına tərəfdar olub.
Sağçı-populist İsveçrə Xalq Partiyasının (SVP) təşəbbüsü əsasında aparılan kampaniyada bu rüsumların əhalidən icbari qaydada və vətəndaşın teleradio istifadəçisi olub-olmamasının fərqinə varmadan tutulması tənqid olunurdu. Onlar əhalinin istehlak azadlığının əlindən alınmasını əsas gətirərək, insanlardan bəlkə də gərəkləri olmayan bir xidmətə görə məcburi şəkildə ödəniş etməli olduqlarını vurğulayırdılar. Kampaniya tərəfdarları ictimai teleradio sektorunun ya dövlət büdcəsindən maliyyələşməsini, yaxud da bazar iqtisadiyyatı əsasında fəaliyyət göstərən kommersiya şirkətlərinə verilməsini təklif edirdilər.
Lakin digər siyasi qruplar, xüsusilə də mətbuat rüsumların qüvvədə qalması üçün seçiciləri səfərbər edə biliblər. Onlar seçiciləri müstəqil və tənqidi jurnalistikanın qorunub saxlanması, onun nə dövlət, nə də hansısa biznes strukturlarının diktəsi altına düşməməsi üçün əhalinin öz vəsaitləri hesabına fəaliyyət göstərən teleməkanın mövcud olmasının vacibliyinə inandıra biliblər.
İsveçrədə ictimai televiziya və radio yayımını həyata keçirən İsveçrə Radio və Televiziya Şirkətinin (SRG) büdcəsinin 75 faizi əhalidən tutulan rüsum hesabına formalaşır. Ölkənin dörd rəsmi dilində (alman, fransız, italyan və İsveçrə retoromancası) proqramlarını təqdim edən şirkətin ümumölkə və regional telekanallarında ümumilikdə 13 500 əməkdaş çalışır. Şirkətin illik büdcəsi 1,64 milyard frank təşkil edir və onun 1,2 milyard frankı əhalidən tutulan rüsumlar hesabına formalaşır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern