QAN YADDAŞI
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
![](/files/galleryphoto/2023/1/1200x630/1677290941193938437_1200x630.png)
![](/files/galleryphoto/2023/1/1200x630/16772909416034056315_1200x630.png)
Vyana, 25 fevral, AZƏRTAC
İsveçrənin Soloturn şəhərində fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzində səfirliyimizin dəstəyi ilə Xocalı soyqırımının 31-ci ildönümünə və Türkiyədə bu il fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras həm Azərbaycanın, həm də Türkiyənin yeni tarixdə üzləşdikləri faciə, fəlakət və itkilərdən danışıb. O, ən çətin anlarda dövlətlərimizin və xalqlarımızın bir-birinin yanında və biri-birinə dəstək olduqlarını vurğulayıb.
Azərbaycan səfiri Fuad İsgəndərov Birinci Qarabağ müharibəsi veteranı olaraq o illərin dəhşətlərindən və acı həqiqətlərindən danışıb. O qeyd edib ki, tarix kitabımızın acı dolu səhifələri ilə yanaşı, qürur yaşadan və zəfərlə dolu səhifələri də var. Dövlətlərimiz və xalqlarımız güclü iradəyə və möhkəm birliyə malikdirlər. Dövlətlərimiz məhz bu birlik sayəsində qarşıdakı bütün çətinliklərin öhdəsindən gələcəklər.
Tədbirin sonunda Xocalı soyqırımı və zəlzələ qurbanlarının ruhuna dualar oxunub.
AZƏRTAC-ın xüsusi müxbiri