İtaliya A Seriyası: “Milan”nın məğlubiyyətsizlik seriyası davam edir
Bakı, 1 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 30-da İtaliya A Seriyasında yeddinci turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun maraqlı görüşlərindən biri “Mapei” stadionunda reallaşıb. “Sassuolo” klubu bu il İtaliya A Seriyasında gözəl oyun nümayiş etdirən sürpriz komandalardan sayılır. Meydan sahibi "Sassuolo" klubu "Milan" komandasını qəbul edib. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Rossoneri”lərin heyətində Suso (2), Kessi, Samu Kastilexo fərqləniblər. "Sassuolo" komandasının təsəlli qolun isə Filip Djuriç vurub.
Turun mərkəzi qarşılaşması “Allianz” stadionunda keçirilib. “Yuventus” klubu əzəli rəqibi “Napoli”ni qəbul edib. Oyunda hesabı 10-cu dəqiqədə “Napoli” komandası açıb. Xose Kalyexonun ötürməsini Dris Mertens dəyərləndirib. Qoldan sonra irəli atılan meydan sahibləri matçın 26-cı dəqiqəsində hesaba tarazlıq gətiriblər. Kriştianu Ronaldonun cinah ötürməsini Mario Mandzukiç dəqiq baş zərbəsi ilə tamamlayıb.
İkinci hissənin 46-ci dəqiqəsində turinlilər hesabda önə keçiblər. Bu dəfə də Mario Mandzukiç fərqlənib. Oyunda son nöqtəni də "qoca sinyora" qoyub. Belə ki, Kriştianu Ronaldonun küncdən ötürdüyü topu Leonardo Bonucci dəqiq baş zərbəsi ilə qapıdan keçirib. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib - 3:1.
Turun digər maraqlı qarşılaşması “Olimpiko” stadionunda keçirilib. "Roma" - “Lazio” komandası ilə qarşılaşıb. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1. İlk qolu 45-ci dəqiqədə nominal meydan sahiblərindən Lorentso Pelleqrini vurub. 67-ci dəqiqədə Çiro İmmobile hesabı bərabərləşdirsə də, 71-ci dəqiqədə Aleksandar Kolarov, 86-cı dəqiqədə isə Federiko Fasio "Roma"nın növbəti qollarına imza atıb.
Yeddinci turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"İnter" - "Kalyari" - 2:0
"Bolonya" - "Udineze" - 2:1
"Kyevo" - "Torino" - 0:1
"Fiorentino" - "Atalanta - 2:0
"Frosinone" - "Genoa" - 1:2
"Parma" - "Empoli" - 1:0.
Qeyd edək ki, tura bu gün SPAL - "Sampdoriya" oyunu ilə yekun vurulacaq.