İtaliya A Seriyası: “Yuventus” əzəli rəqibi “Napoli”ni məğlub edib
Bakı, 30 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 29-da İtaliya A Seriyasında yeddinci tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması "Allianz" stadionunda keçirilib. “Yuventus” klubu əzəli rəqibi “Napoli” komandasını qəbul edib. Oyunda hesabı 10-ci dəqiqədə “Napoli” klubu açıb. Xose Kalyexonun ötürməsini Dris Mertens dəyərləndirib. Qoldan sonra irəli atılan meydan sahibləri matçın 26-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Kriştianu Ronaldonun cinah ötürməsini Mario Mandzukiç dəqiq baş zərbəsi ilə tamamlayıb.
İkinci hissənin 46-ci dəqiqədə turinlilər hesabda önə keçiblər. Bu dəfə də Mario Mandzukiç fərqlənib. Oyunda son nöqtəni də "qoca sinyora" qoyub. Belə ki, Kriştianu Ronaldonun küncdən ötürdüyü topu Leonardo Bonucci dəqiq baş zərbəsi ilə qapıdan keçirib. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib - 3:1.
Turun digər maraqlı qarşılaşması "Olimpiko" stadionunda keçirilib. "Roma" - “Lazio” klubu ilə qarşılaşıb. Görüş “Roma" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.